Femida Könüllüləri üçün təlim
Məhkəmə modulunun STEP I mərhələsi üzrə Binəqədi Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün hakim Səidə Məmmədova tərəfindən təlim keçirilib.“Mülki-prosessual icraatının xüsusiyyətləri” mövzusuna həsr olunmuş təlimdə Femida Könüllülərinə mülki iddiaların məhkəməyə təqdim edilməsi, ilkin iclasların keçirilməsi, tərəflərin hüquq və vəzifələri, sübutların təqdim olunması və qiymətləndirilməsi barədə ətraflı məlumat verildi. Hakim Səidə Məmmədova mülki icraatın müxtəlif mərhələlərində diqqət edilməli vacib məqamları izah edərək, praktiki nümunələrlə təlimi zənginləşdirib.
Bundan əlavə, təlimdə mülki mübahisələrdə tərəflərin müdafiə hüququnun təmin olunması, məhkəmə qərarlarının icrası və mübahisələrin sülh yolu ilə həllinə dair əsas prinsiplər də müzakirə olunub. Hakim, mülki icraatın hüquqi çərçivəsinin ədalətli və obyektiv məhkəmə qərarlarının qəbulunda necə əhəmiyyətli rol oynadığını vurğulayıb.
Təlimin əsas məqsədi, könüllülərə mülki-prosessual icraatın strukturu və prosedurlarını başa salmaq, eyni zamanda məhkəmə proseslərini düzgün şəkildə idarə etməyi və hüquqi prosedurlara uyğun tətbiq etməyi öyrətmək olub.