Xəbərlər

Femida Könüllüləri üçün təlim

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Femida Könüllüləri” Təşkilatı tərəfindən təşkil olunan “AI4LAW – Hüquqda süni intellektin istifadəsi üzrə təlim modulu” layihəsi çərçivəsində süni intellekt və generativ texnologiyalar sahəsində ixtisaslaşmış, yerli və beynəlxalq tədbirlərdə çıxış etmiş mütəxəssis Ümid Salayevin təqdimatında ilk təlim baş tutdu.

Təlim zamanı iştirakçılar süni intellektin nəzəri və praktiki əsaslarını öyrəndilər, onun tarixi inkişaf mərhələləri və bu sahədə mühüm dönüş nöqtələri ilə tanış oldular. Ənənəvi süni intellekt ilə generativ AI arasındakı fərqlər izah edildi, xüsusilə də generativ texnologiyaların sadəcə analiz deyil, mətn, şəkil, video və audio kimi yeni məzmun yaratmaq imkanları üzərində ətraflı dayanıldı. 

Hüquq sahəsinə təsirləri ayrıca müzakirə olundu – müqavilə layihələrinin hazırlanması, presedentlərin xülasəsi, qanunların sadə dildə izahı və hüquqi yazışmaların avtomatlaşdırılması kimi tətbiq nümunələri təqdim edildi. Eyni zamanda, generativ AI-nin yaratdığı risklər, o cümlədən deepfake şəkil və videoların hüquqi sübutlara təsiri, etik məsuliyyət və etibarlılıq məsələləri müzakirə olundu.

Təlimin mühüm hissəsi “Prompt Engineering” mövzusuna həsr edildi – iştirakçılar süni intellektə düzgün təlimat verməyin yollarını, kontekst, rol və formatın necə qurulacağını öyrəndilər. Yaxşı və zəif prompt nümunələri müqayisə edilərək praktiki məşğələlərlə təcrübə qazandırıldı. Bundan əlavə, ChatGPT-nin iş prinsipləri izah edildi, onun tələbələr, hüquqşünaslar, müəllimlər və marketoloqlar üçün istifadəsi üzrə real nümunələr təqdim olundu. 

Təlim interaktiv üslubda təşkil olunduğundan iştirakçılar mini-lab məşğələlərində öyrəndiklərini dərhal tətbiq edərək, süni intellektlə mətn, vizual və hüquqi məzmun yaratmaq bacarıqlarını inkişaf etdirdilər.