Xəbərlər

Femida Könüllüləri üçün təlim

16 sentyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Femida Könüllülərinin hüquq sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən “Femida Akademiyası” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Sevinc Əliyevanın təqdimatında “Hüquqi yazının anlayışı və növləri” mövzusuna həsr olunmuş təlim sessiyası baş tutub.

Təlim zamanı iştirakçılar hüquqi yazının anlayışı, hüquq elmi və hüquq praktikası üçün onun əhəmiyyəti barədə geniş məlumat əldə ediblər. Eyni zamanda hüquqi yazının növləri – qanunvericilik aktları, məhkəmə qərarları, müqavilələr, ərizə və şikayətlər, hüquqi rəylər və arayışlar kimi sənədlərin xüsusiyyətləri və tərtib qaydaları izah olunub.

Vəkil Sevinc Əliyeva hüquqi yazının yalnız mətn forması olmadığını, həm də hüquqi təfəkkürün ifadəsi kimi mühüm rol oynadığını vurğulayıb. Təlimdə hüquqi üslubun dəqiqliyi, sadəliyi və aydınlığının vacibliyi, qanunlara və prosessual normalara uyğunluq prinsipləri iştirakçılara nəzəri və praktiki nümunələr əsasında izah edilib.

Təlimin sonunda Femida Könüllülərinin maraqlandıran sualları cavablandırılıb, onlara hüquqi yazı bacarıqlarını təkmilləşdirmək üçün tövsiyələr verilib.