Femida Könüllüləri üçün təlim
“Femida Könüllüləri” Təşkilatı tərəfindən təşkil olunan “AI4LAW – Hüquqda süni intellektin istifadəsi üzrə təlim modulu” layihəsi çərçivəsində Ankara Medipol Universitetinin professoru Prof. Dr.Ergin Ergülün təqdimatında növbəti təlim baş tutdu.Tədbirin xüsusi qonağı olan Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov tədbirin açılışını edərək iştirakçılara uğurlar arzu edib və layihənin əhəmiyyətindən bəhs edib. O, süni intellektin hüquq sahəsində tətbiqinin hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına, məhkəmə sistemində effektivliyin yüksəldilməsinə və hüquqi qərarların daha obyektiv şəkildə verilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Daha sonra Prof. Dr. Ergin Ergülün müəllifi olduğu və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə azərbaycan dilinə tərcümə edilərək nəşr olunan “Süni intellekt və hüquq”kitabının təqdimat mərasimi keçirildi. Tədbir çərçivəsində kitablar təlim iştirakçılarına təqdim olundu.
Təlim zamanı Prof. Dr. Ergin Ergül “Süni intellektin hüquqi aspektləri və beynəlxalq təcrübə” mövzusunda geniş təqdimatla çıxış edib. O, iştirakçılara hüquqi sahədə süni intellekt alətlərinin tətbiq sahələri, etik və hüquqi çərçivələr, eləcə də bu sahədə qarşıda duran çağırışlar barədə ətraflı məlumat verib. Təqdimat zamanı beynəlxalq təcrübələrdən nümunələr göstərilərək, bu texnologiyaların gələcəkdə hüquq peşəsində hansı dəyişikliklərə səbəb ola biləcəyi müzakirə olunub.
Tədbirdə gənc hüquqşünaslar fəal iştirak ediblər. Onlar təqdim olunan mövzu ilə bağlı suallar verərək, interaktiv müzakirələrə qatılıblar. Tədbirin sonunda Prof. Dr. Ergin Ergül iştirakçılara təqdim olunan kitab nüsxələrini imzalayaraq onlara hədiyyə edib.
Qeyd edək ki, layihənin əsas məqsədi hüquq sahəsində süni intellekt texnologiyalarının tətbiq imkanlarını öyrənmək, bu istiqamətdə bilikləri möhkəmləndirmək, eləcə də gənc hüquqşünasların peşəkar inkişafına töhfə verməkdir.