Femida Könüllüləri üçün təlim
“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Femida Könüllüləri” Təşkilatı tərəfindən təşkil olunan “AI4LAW – Hüquqda süni intellektin istifadəsi üzrə təlim modulu” layihəsi çərçivəsində süni intellekt və generativ texnologiyalar sahəsində ixtisaslaşmış, yerli və beynəlxalq tədbirlərdə çıxış etmiş mütəxəssis Ümid Salayevin təqdimatında növbəti təlim baş tutdu.Təlim zamanı iştirakçılar süni intellektin nəzəri və praktiki əsaslarını öyrənərək onun tarixi inkişaf mərhələləri, mühüm dönüş nöqtələri və ənənəvi AI ilə generativ AI arasındakı fərqlərlə tanış oldular. Generativ texnologiyaların yalnız analiz yox, həm də mətn, şəkil, video və audio kimi yeni məzmun yaratmaq imkanı xüsusi olaraq vurğulandı. Hüquq sahəsində tətbiqlərinə dair nümunələr təqdim edilərək süni intellektin müqavilə layihələrinin hazırlanmasında dəqiqliyi artırması, presedentlərin xülasəsini çıxarmaqla araşdırma işini asanlaşdırması, qanunların sadə dildə izahına imkan yaratması, hüquqi yazışmaları avtomatlaşdırması və chatbotlar vasitəsilə vətəndaşlara ilkin hüquqi məlumatların çatdırılmasını təmin etməsi göstərildi.
Təlimdə eyni zamanda süni intellektin doğura biləcəyi risklər, o cümlədən deepfake materialların hüquqi sübutlara təsiri, etibarlılıq və etik məsuliyyət məsələləri müzakirə olundu. Ən mühüm mövzulardan biri isə Prompt Engineering idi. İştirakçılar süni intellektə düzgün təlimat verməyin yollarını öyrəndilər, yaxşı və zəif prompt nümunələrini müqayisə edərək praktiki məşğələlərdə öz bacarıqlarını sınadılar. Bundan əlavə, təlim zamanı chatbotların hazırlanması və hüquqa uyğunlaşdırılması izah edildi, iştirakçılara hüquqi terminologiyaya fokuslanan özəlləşdirilmiş botların necə qurulacağı nümayiş etdirildi.