Xəbərlər

“Femida Akademiya” layihəsi çərçivəsində “Əmək mübahisələri və məhkəmə təcrübəsi” mövzusunda təlim

Femida Könüllülərinin hüquq sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən “Femida Akademiya” layihəsi çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Vasif Hüseynli tərəfindən “Əmək mübahisələri və məhkəmə təcrübəsi” mövzusunda təlim sessiyası keçirilib.

Təlim zamanı əmək hüququndan irəli gələn fərdi əmək mübahisələrinin mahiyyəti, əmək münasibətlərinin tənzimlənməsinin hüquqi əsasları, əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitamı ilə bağlı yaranan mübahisələr, işçilərin və işəgötürənlərin hüquq və vəzifələri, eləcə də əmək qanunvericiliyinin tətbiqi və formalaşmış məhkəmə təcrübəsi iştirakçıların diqqətinə çatdırılıb.

Sessiya çərçivəsində əmək mübahisələrinə dair müxtəlif kazuslar həll edilib, real məhkəmə qərarları təhlil olunub və iştirakçılarla interaktiv müzakirələr aparılıb. Təlim praktiki nümunələr əsasında iştirakçıların əmək hüququ sahəsində hüquqi təhlil bacarıqlarının inkişaf etdirilməsi, əmək qanunvericiliyinin düzgün tətbiqi və məhkəmə təcrübəsinin mənimsənilməsi istiqamətində onların biliklərinin möhkəmləndirilməsinə töhfə verib.

Təlimin sonunda Femida Könüllülərini maraqlandıran suallar cavablandırılıb, əmək mübahisələrinin həlli mexanizmləri, məhkəmə təcrübəsində rast gəlinən aktual məsələlər və onların hüquqi həlli yolları ətrafında fikir mübadiləsi aparılıb.