Xəbərlər

Vəkillər Kollegiyası ilə memorandum imzalanıb

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyi arasında birgə əməkdaşlıq haqqında Memorandumun imzalanma mərasimi keçirilib.

Memorandumun məqsədi birgə fəaliyyətin təşkili, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbə və məzunların peşəkar hüquqşünas kimi hərtərəfli inkişafı, eləcə də gənc hüquqşünaslar arasında vəkilliyə marağın artmasına nail olmaq üçün ARVK və “Femida Könüllüləri” Təşkilatı arasında münasibətlərin daha da genişləndirilməsindən ibarətdir.

Əməkdaşlıq çərçivəsində hüquqşünas gənclərin ARVK-nın Aparatında, Vəkillər Kollegiyasının Akademiyasında, o cümlədən vəkil bürolarında mərhələli şəkildə (STEP I, STEP II) könüllülük fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda, gələcəkdə tərəflər arasında qarşılıqlı şəkildə layihə, konfrans, seminar və müzakirələrin təşkili və digər layihələrin həyata keçirilməsi planlaşdırılır.

Mərasimdə açılış nitqi ilə çıxış edən ARVK-nın sədri Anar Bağırov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, rəhbərlik etdiyi qurumun fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib, son illərdə Kollegiya ilə hüquq fakültələri olan bütün universitetlər arasında memorandumlar imzalandığını, xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu bildirib.

“Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova da çıxışında birgə əməkdaşlığın önəmini vurğulayıb və təşkilatın gələcək hədəfləri barədə ətraflı məlumat verib.