Xəbərlər

“Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadasının final mərhələsi keçirilib

Cari il dekabr ayının 21-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) ilə Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadasının final mərhələsi keçirilib.

Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati binasında təşkil olunan Olimpiadanın həlledici mərhələsindən öncə açılış nitqi ilə çıxış edən Ali Məhkəmənin sədr müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov komandaları və digər iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb. Qeyd olunub ki, ölkəmizdə gənclərə hər zaman dəstək göstərilir, bu cür yarışların təşkili də hüquqşünaslıq peşəsinə böyük töhfə olacaqdır. Həmçinin bildirilib ki, Olimpiadaya təşkilati dəstək göstərən “Femida Könüllüləri" Təşkilatı Azərbaycan Respublikasının Ali Məhkəməsində fəaliyyət göstərən bir qrup könüllü gəncin təşəbbüsü ilə təsis edilib.

Tədbirdə ARVK-nın sədri Anar Bağırov çıxış edərək ölkəmizdə hüquq sahəsində təşkil olunan yarışların əhəmiyyətini vurğulayıb. Sədr Kollegiyanın dəstəyi ilə keçirilən yarışmaya ilk dəfə Qarabağ Universitetinin qoşulduğunu bildirərək Olimpiadanın nəticələrindən asılı olmayaraq, bütün komanda üzvlərinin sonda mükafatlandırılacağını söyləyib. 

Sonra tədbirdə HİHİ-nin İdarə Heyətinin sədri Məhəmməd Quluzadə intellektual və savadlı gəncliyin yetişdirilməsi işində bu cür yarışların rolu, gənclərin öz bilik və bacarıqlarını inkişaf etdirməsi üçün geniş şəraitlərin yaradılması barədə danışıb.

Beləliklə, Olimpiadanın yekun nəticələrinə əsasən, komandalararası yarışda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyası I yer (118 bal), Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası II yer (114 bal) və DİA - Prezident yanında Dövlət İdarəçilik Akademiyası isə III yerə (113,25 bal) layiq görülüb. 

Qeyd edək ki, Olimpiadaya təşkilati dəstək Vəkillər Kollegiyası Akademiyası, "Kəngərli və partnyorları" Vəkil Bürosu, “Femida Könüllüləri” Təşkilatı, o cümlədən ELSA Azərbaycan (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) tərəfindən göstərilir.