Xəbərlər

“Məktəblinin Hüquq Bələdçisi” layihəsi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblinin Hüquq Bələdçisi” layihəsi ölkə üzrə məktəblilər və peşə təhsili müəssisələrinin tələbələri arasında hüquqi biliklərin artırılması, vətəndaş cəmiyyətinə inteqrasiyanın təşviqi və gənclərdə hüquqi mədəniyyətin formalaşdırılması məqsədini daşıyır.

30 oktyabr 2025-ci il tarixində layihə çərçivəsində Gəncə şəhər 32 №-li tam orta məktəbində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur.

Tədbirin əvvəlində iştirakçılara 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyəti, bu təşəbbüsün hüquqi dövlət quruculuğu, milli suverenlik və konstitusiya dəyərlərinin təbliği baxımından oynadığı mühüm rol barədə məlumat verilmişdir.

Təlim zamanı iştirakçılara insan alveri anlayışı, onun hüquqi və sosial aspektləri, habelə beynəlxalq və milli qanunvericilikdə insan alverinə qarşı mübarizə mexanizmləri haqqında ətraflı məlumat təqdim olunmuşdur. Təlimdə insan alverinin qurbanı olma riskləri, bu halların aşkarlanması, qarşısının alınması yolları və riskli situasiyalardan necə qorunmaq barədə praktik nümunələr əsasında müzakirələr aparılmışdır.

Təlim interaktiv formatda keçirilmiş, mövzu ilə bağlı maarifləndirici oyunlar təşkil olunmuş, iştirakçıların sualları cavablandırılmış və onların aktiv iştirakı təmin edilmişdir.