Xəbərlər

“Məktəblinin Hüquq Bələdçisi” layihəsi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblinin Hüquq Bələdçisi” layihəsi məktəblilər və peşə təhsili müəssisələrinin tələbələri arasında hüquqi biliklərin artırılması, vətəndaş cəmiyyətinə inteqrasiyanın təşviqi və gənclərdə hüquqi mədəniyyətin formalaşdırılması məqsədi daşıyır.

05 may 2025-ci il tarixində layihə çərçivəsində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması” mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur.

Tədbirin əvvəlində iştirakçılara 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyəti, bu təşəbbüsün hüquqi dövlət quruculuğu, milli suverenlik və konstitusiya dəyərlərinin təbliği baxımından oynadığı mühüm rol barədə məlumat verilmişdir.

Təlim zamanı tələbələrə internetdə məlumatların təhlükəsizliyinin təmin olunması, sosial şəbəkələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar, şəxsi və maliyyə məlumatlarının qorunma üsulları, eləcə də kibercinayətkarlıq hallarına qarşı hüquqi müdafiə mexanizmləri haqqında ətraflı məlumat təqdim olunmuşdur.

Təlim interaktiv formatda keçirilmiş, mövzu ilə bağlı maarifləndirici oyunlar təşkil olunmuş, iştirakçıların sualları cavablandırılmış və onların aktiv iştirakı təmin edilmişdir.