"Femida Könüllüləri" üçün təlim
Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Nəsimi Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün hakim Vüsalə Musayeva tərəfindən “Mülki hüquq pozuntusu” mövzusunda təlim keçirilib.Təlim zamanı iştirakçılara Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş mülki məsuliyyətin əsasları, zərərin əvəzinin ödənilməsi, moral zərərin kompensasiyası, eləcə də məhkəmə təcrübəsində mülki hüquq pozuntularının qiymətləndirilməsi barədə ətraflı məlumat verilib.
Hakim Vüsalə Musayeva təlimdə həm nəzəri, həm də praktiki aspektlərə toxunaraq, mülki hüquq münasibətlərində pozuntuların aradan qaldırılması mexanizmləri və bu sahədə məhkəmə qərarlarının tətbiqi qaydalarından danışıb.
Təlim interaktiv müzakirə formatında davam edib, könüllülərin çoxsaylı sualları cavablandırılıb. Tədbirin sonunda iştirakçılar mülki hüququn müdafiə mexanizmlərini və məhkəmə sistemində bu institutun əhəmiyyətini daha dərindən mənimsəyiblər.


