“Femida Akademiya” layihəsi çərçivəsində “Xarici məhkəmə və arbitraj qərarlarının tanınması və icrası: publik qayda və beynəlxalq hüquqi əməkdaşlıq” mövzusunda təlim
Femida Könüllülərinin hüquq sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən “Femida Akademiya” layihəsi çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin sektor müdiri Elgün Lətifov tərəfindən “Xarici məhkəmə və arbitraj qərarlarının tanınması və icrası: publik qayda və beynəlxalq hüquqi əməkdaşlıq” mövzusunda təlim sessiyası keçirilib. Təlim zamanı xarici məhkəmə və arbitraj qərarlarının tanınması və icrasının mahiyyəti, bu sahədə hüquqi tənzimləmənin əsasları, xarici qərarların tanınması və icrası üçün irəli sürülən tələblər, publik qayda anlayışı və onun tətbiqi, eləcə də beynəlxalq hüquqi əməkdaşlığın bu prosesdə rolu iştirakçıların diqqətinə çatdırılıb.
Sessiya çərçivəsində xarici məhkəmə və arbitraj qərarlarının tanınması və icrasına dair müxtəlif kazuslar həll edilib, real məhkəmə qərarları təhlil olunub və iştirakçılarla interaktiv müzakirələr aparılıb. Təlim praktiki nümunələr əsasında iştirakçıların xarici qərarların tanınması və icrası sahəsində hüquqi təhlil bacarıqlarının inkişaf etdirilməsi, müvafiq hüquqi normaların düzgün tətbiqi və məhkəmə təcrübəsinin mənimsənilməsi istiqamətində onların biliklərinin möhkəmləndirilməsinə töhfə verib.
Təlimin sonunda Femida Könüllülərini maraqlandıran suallar cavablandırılıb, xarici məhkəmə və arbitraj qərarlarının tanınması və icrası mexanizmləri, publik qaydanın tətbiqi ilə bağlı məhkəmə təcrübəsində rast gəlinən aktual məsələlər və onların hüquqi həlli yolları ətrafında fikir mübadiləsi aparılıb.


